16/06/2026
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyində, Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan bir gündür. Bu tarix xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Məhz həmin gün Vətənini sevən, çətin günlərin ağrı-acısını yaşamış insanlar üçün ümid və qurtuluş yolu açılmışdır. Həmin günün qürurunu hamımız böyük ehtiramla yaşayırıq.
Sovet İttifaqının süqutundan sonra Azərbaycan mürəkkəb və ağır sınaqlarla üz-üzə qalmışdı. Müstəqil dövlət kimi mövcudluğumuz ciddi təhlükə altında idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən hərbi təcavüz və torpaqlarımızın bir hissəsinin işğalı, digər tərəfdən isə hakimiyyət uğrunda mübarizə və daxili qarşıdurmalar xalqın gələcəyə olan inamını sarsıtmışdı. O dövrdə ölkədə yaranmış siyasi qeyri-sabitlik, idarəetmədə yol verilən ciddi nöqsanlar və düşünülməmiş qərarlar vəziyyəti daha da ağırlaşdırmışdı. Xarici əlaqələrin zəifləməsi, qonşu dövlətlərlə münasibətlərdə yaranan problemlər Azərbaycanın təcrid olunmasına gətirib çıxarmışdı. Ölkədə xaos və mənəvi tənəzzül müşahidə olunurdu.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Xalqın və dövlətin çağırışına cavab verən Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkənin xilası naminə məsuliyyəti öz üzərinə götürdü. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da Azərbaycan dövləti və dövlətçiliyinin təhlükədən xilas olması üçün əlverişli zəmin yarandı. Onun qətiyyəti, uzaqgörən siyasəti və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sabitliyin və inkişafın möhkəm təməli qoyuldu.
Bəli, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı, siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bir sözlə Ulu öndərin xalqa olan sonsuz sevgisi və xalqın ona göstərdiyi böyük etimad nəticəsində Azərbaycan qısa müddətdə ağır böhran vəziyyətindən çıxaraq tərəqqi yoluna qədəm qoydu.
Bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna daim sadiq qalaraq müstəqil ölkəmizi inamla uğurlu gələcəyə aparır. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır. Bu gün Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Ulu öndər Heydər Əliyevin ən böyük arzusunu reallaşdıran, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməli qoyulur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələri fəth ediləcəkdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır, əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anırıq.
Bayramınız mübarək!
Arzu Səfərli
Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin
direktoru vəzifəsini icra edən