08/03/2026
DASTAN SAZ KURSU təqdim edir: Əmək Nəğmələri – Holavarlar 🎶
Torpağın ətri, zəhmətin səsidir Holavarlar!
Qədim zamanlardan bəri babalarımız tarlada cüt sürərkən, öküzləri ruhlandırmaq və işin ağırlığını yüngülləşdirmək üçün bu nəğmələri oxuyardılar.
✨ Holavar nədir?
Yalnız tarlada oxunur.
Zəhmətə sevgi aşılayır.
Xalqımızın qədim məişətini əks etdirir.
Mədəniyyətimizi birlikdə yaşadaq!
Sizlərə bir neçə holavar nümunələri təqdim edirik:
Qara öküz aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatar,
Torpaqdan bal alanda.
Qaşqa kəlim boz, ala
Tarlaya saldım yola,
Tay öküzlə iş aşmaz,
Öküz gərək cüt ola.
Dağ döşündə yatana,
Gün gedər ay batana,
Qara öküz qarğıyar,
Cütün macın tutana.
Gün düşdü qar üstünə,
Bağçada bağ üstünə,
Tənbəl yatan öküzün,
Quşlar qonar üstünə.
Qara gəl gedər işə
Qorxum var bağrı bişə,
Nola bir bulud gələ,
Yağış yağa, nəm düşə.
İrandakı boz öküz,
Qoparıbdı, toz öküz.
Alıb yerin canını,
Çıxsın yalan göz, öküz.
Öküz, öküz xan öküz,
Boynu qızıl qan öküz,
Çək çayırı çəməndən,
Sənə can qurban öküz.
Öküzlər qoşa getdi,
Güc vurdu daşa getdi,
Cütün maçı qırıldı,
Zəhmətim boşa getdi.
Qızıl öküzüm yeri,
Qoşma şüm qala geri.
İti tərpən, maralım.
Düşmənlər baxır bəri.
Gözlə xoruz banını,
Kəllər işdə sanını.
Cütə getməyən öküz,
Yerişindən tanını.
Öküz qıyar canını,
Bilməz qamçı sayını,
Qayış çəkən qaşqa kəl,
İş üstündə tanını.
Qara kəl, ilim barı.
De dərdin bilim barı,
Məni mağmın eyləmə,
Açılsın dilim barı.
Kotanın xodaqları,
Partlayıb dodaqları.
Qarğayın kotan sınsın.
Dincəlsin xidaqları.
Boynunu mən yağlaram,
Yaman gözü dağlaram,
Tez çək maral öküzüm,
Geri qalsan ağlaram.
Dağların enişi var,
Diki var, enişi var,
Cütə gedən öküzün,
Özünün yerişi var.
Öküz qayıtdı qaşdan,
Ay Allah saxla daşdan,
Bədnəzər qabağdadı,
Yolunu sal bu başdan.
Axşamlar ay axşamlar,
Axşamlar yanar şamlar.
Hərə evinə gedər,
Xodaq harda axşamlar.
Qara kəl asta gedər,
Dolanar, dosta gedər,
Ay qaranlıq gecədə,
Hastabahasta gedər.
Öküzlərim naz eylər,
Quyruq bular,toz eylər
Hər axşam gün batanda,
Kövşəndə pərvaz eylər.
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Ölmə, ölmə yazığam,
Kölgəndə mən dolanım.