21/03/2024
Novruz bayramı uşaqlığımın xatirəsidir… O qədər dərin hisslər var ki, bu bayramda…
Hər zonanın öz adətləri olduğu kimi bizim tərəflərdə də özümü bildim- biləli İlaxır çərşənbədə böyüklərimiz xonçada bayram payımızı göndərərdi. O qədər həvəslə gözləyərdik o anı😍 Nənəm qırmızı kəlağayıya bükülmüş dəmir siniyə bayram sovqatımızı, üstündə də “xələtimiz” qoyub kiçik dayımla göndərərdi. Bütün ailə üzvlərinə pay qoyulardı, hətta həmin gün evində qonağın varsa o da bayramda təzə bir şey geyinsin deyə onu da yaddan çıxarmaq olmazdı.
Sonra böyük dayımgildən pay gələrdi😍 Bəh! Necə sevinirdik, İlahi!
20 mart bayramı evimizdə qeyd edib, 21 mart isə biz böyüklərimizlə bayramlaşmağa gedərdik😇. İndi isə onlarla bayramlaşmağa 1 səməni ilə gedirik…
İndi də o ənənəni anamgil öz nəvələrinə yaşadır, çox şükür! Hətta pandemiyada gediş-gəlişin qadağan olunduğu vaxt bizim payımızı atamla göndərmişdi!
Allah böyüklərimizi hər zaman var eləsin! Hər kəsə ürəyincə, könlüncə, yaddaşlarda xoş xatirələrlə qalacaq bayram diləyirəm…
Uşaqlara doyunca, sevə-sevə yaşadın bu bayramı, çünki böyüyəndə o anların qoxusuyla yaşayırlar bütün bayramları…🌸🌸🌸