Beynelxalq Mugam Merkezi / International Mugham Centre

Beynelxalq Mugam Merkezi / International Mugham Centre Music Hall, Conference Hall, National Music Instruments Museum

Bu gün Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) anadan olmasının 51 ili tamam olurAygün Bəylər 1975-ci il avqust ayını...
21/08/2026

Bu gün Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) anadan olmasının 51 ili tamam olur
Aygün Bəylər 1975-ci il avqust ayının 22-də Bakıda anadan olub. O, Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında xanəndəlik ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Aygün Hümmətova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinə daxil olaraq dirijorluq və bəstəkarlığın sirlərini öyrənib. Azərbaycan Dövlət Uşaq Filarmoniyasında solist kimi çalışıb.
1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrdə təmsil edib. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər, Azərbaycan muğam məktəbini uğurla təmsil edib, I yerə layiq görülərək festivalın qalibi olub.
Aygün Hümmətova “Əməkdar artist” fəxri adına layiq görülüb.
Aygün Bəylər 2024-cü ildə vəfat edib.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb.Bu barədə Azə...
20/08/2026

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb.
Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.
“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.
Görüşün bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin solistləri də iştirak ediblər.

Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Xan Şuşinskinin anadan olmasının 125-ci ildönümü tamam olub. Bu mü...
20/08/2026

Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Xan Şuşinskinin anadan olmasının 125-ci ildönümü tamam olub. Bu münasibətlə İkinci Fəxri xiyabanda anım tədbiri keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar. Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Xalq artisti Əli Nur, Əməkdar artist Təyyar Bayramov, Xan Şuşinskinin oğlu Aslan Cavanşirov çıxış edərək Xan Şuşinskinin Azərbaycan muğam sənətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, sənətkar özünəməxsus ifa tərzi, güclü səs imkanları və yüksək səhnə mədəniyyəti ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub.Qeyd olunub ki, Xan Şuşinskinin yaradıcılıq irsi milli musiqi mədəniyyətimizin qiymətli xəzinəsidir. Onun ifa etdiyi muğam və təsniflər bu gün də sevilərək dinlənilir, sənətkarın yaradıcılığı gənc xanəndələr üçün məktəb olaraq qalır. Çıxışlarda vurğulanıb ki, Xan Şuşinskinin zəngin irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin qarşısında duran mühüm vəzifələrdəndir. Qeyd edək ki, Xan Şuşinski müstəsna istedadı, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanıb, Azərbaycan muğam ifaçılığı sənətini zənginləşdirib. Eyni zamanda, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirib, musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib. Vaxtilə onun məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı-Şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları dinləyicilərin yaddaşına əbədi həkk olunub. Xan Şuşinskinin müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları da dillər əzbərinə çevrilib. O, bəstəkar mahnılarına da müraciət edib, Üzeyir Hacıbəylinin “Qara göz” əsərinin ilk ifaçısı olub.
Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi var. Milli muğam ifaçılığında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib. Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Bu gün Xalq artisti Xan Şuşinskinin anadan olmasının 125 ili tamam olurXan Şuşinski 1901-ci il avqust ayının 20-də Şuşa ...
19/08/2026

Bu gün Xalq artisti Xan Şuşinskinin anadan olmasının 125 ili tamam olur
Xan Şuşinski 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində anadan olmuşdur.16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar aşılayırdı.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.
Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Bu gün görkəmli tarzən, Əməkdar artist Əhsən Dadaşovun doğum günüdür Əhsən Əliabbas oğlu Dadaşov 1924-cü il avqustun 16-...
16/08/2026

Bu gün görkəmli tarzən, Əməkdar artist Əhsən Dadaşovun doğum günüdür
Əhsən Əliabbas oğlu Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində anadan olub. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb, klassik muğam ifaçılığının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirib.
Onun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini cəlb edib və 1940-cı ildə onu rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edib. Onun lentə yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Humayun”, “Vilayəti - Dilkeş”, “Çahargah”, “Bayatı - Şiraz” və s. muğamları hazırda Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətinin qızıl fondunda mühafizə edilir. Tarzən muğamların və bəstəkar əsərlərinin tar və ud alətlərinin ifaçısı idi.
Görkəmli müğənni Rəşid Behbudovun ansamblının üzvü kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub, Azərbaycan musiqisini təmsil edib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaradıb və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olub. Hazırda “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olub.
Onun 40 illik yaradıcılıq fəaliyyətini solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəçi, pedaqoq-müəllim mərhələlərinə bölmək olar.
O, musiqi folklorumuzu zənginləşdirən bir çox rəng, mahnı və rəqs havaları bəstələyib. “Rahab”, “Şur”, “Rast”, “Humayun”, “Segah” rəngləri bu qəbildəndir. Onun bəstələdiyi bir çox mahnılar bu gün də dillər əzbəridir. Hazırda mərhum sənətkarın adını daşıyan “Xatirə” xalq çalğı alətləri ansamblının ifasında milli mahnılarımız geniş şəkildə təbliğ edilir.
Görkəmli tarzən 1953-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Əhsən Dadaşov 1976-cı il mayın 29-da vəfat edib.

Bu gün milli musiqi sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Alim Qasımovun doğum günüdür. Sənətkar...
14/08/2026

Bu gün milli musiqi sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Alim Qasımovun doğum günüdür.
Sənətkar Azərbaycan mədəniyyətinə, muğam sənətimizin yaşadılması, təbliği və dünyada tanıdılmasına böyük töhfələr verib.
Alim Qasımov Azərbaycan muğam ifaçılığının ən parlaq simalarından biri kimi ölkəmizdə və onun hüdudlarından uzaqlarda tanınır və sevilir. Onun səsi ilə milli muğam sənətimiz dünyanın mötəbər konsert salonlarında, UNESCO-da yüksək səviyyədə təqdim olunub və rəğbətlə qarşılanıb. Beynəlxalq festival və müsabiqələrin qalibi olan sənətkar UNESCO-nun Musiqi mükafatına, müxtəlif ölkələrin təltiflərinə, həmçinin Azərbaycan Respublikasının Dövlət mükafatına, “Şöhrət” və “Şərəf” ordenlərinə, Heydər Əliyev Fondunun “Qızıl Çinar” Beynəlxalq mükafatına layiq görülüb.
Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi və kollektivi ustad sənətkara ən xoş arzularını bildirir möhkəm cansağlığı, yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilibAvqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəb...
02/08/2026

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib

Avqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin deputatları, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində mərhumun tabutunun ətrafına Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından, eləcə də Mədəniyyət Nazirliyi, digər dövlət və hökumət təşkilatları adından əklil qoyulub.
Əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazir Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Bildirilib ki, böyük söz ustası olan Nəriman Həsənzadə bütün yaradıcılıq fəaliyyəti boyunca milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub. Onun poeziyasının qayəsini vətənsevərlik və humanizm ideyaları təşkil edir.
Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, uzun illər ölkəmizin ədəbi, mədəni, ictimai həyatında fəal iştirak edən nüfuzlu ziyalı kimi də tanınıb. Onun Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Xalq şairi Vahid Əziz Nəriman Həsənzadənin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.
Ailə üzvləri adından çıxış edən Nazim Həsənzadə atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Vida mərasimindən sonra Xalq şairinin cənazəsi Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.

Vəfatının ildönümü münasibətilə Xalq artisti Arif Babayevin məzarı ziyarət olunubVəfatının ildönümü münasibətilə Xalq ar...
01/08/2026

Vəfatının ildönümü münasibətilə Xalq artisti Arif Babayevin məzarı ziyarət olunub

Vəfatının ildönümü münasibətilə Xalq artisti , professor , “Şöhrət", "Şərəf", "İstiqlal" ordenli görkəmli xanəndə Arif Babayevin I Fəxri xiyabanda məzarı ziyarət olunub. Anım mərasimində mərhum sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, sənət dostları iştirak ediblər. İştirakçılar Arif Babayevin xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Arif Babayevin Azərbaycan muğam sənətinin inkişafına misilsiz töhfələr verdiyini bildirib. O qeyd edib ki, görkəmli xanəndənin zəngin yaradıcılığı, yüksək ifaçılıq məktəbi və pedaqoji fəaliyyəti milli musiqi mədəniyyətimizin qızıl fondunun ayrılmaz hissəsidir.
Milli Konservatoriyanın rektoru, sənətşünaslıq elmləri doktoru Kamilə Dadaşzadə çıxış edərək Arif Babayevin Azərbaycan Milli Konservatoriyasında uzun illər kafedra müdiri və pedaqoq kimi səmərəli fəaliyyət göstərdiyini bildirib. O, görkəmli xanəndənin yüksək peşəkarlığı və zəngin təcrübəsi ilə çoxsaylı istedadlı ifaçılar yetişdirdiyini, muğam sənətinin inkişafına və tədrisinə mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd edib ki, Arif Babayevin formalaşdırdığı ifaçılıq və pedaqoji ənənələr bu gün də davam etdirilir.
Xalq artisti Vamiq Məmmədəliyev çıxışında Arif Babayevin sənətə sonsuz məhəbbətlə xidmət etdiyini, muğam ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əmək sərf etdiyini vurğulayıb.
Professor, Xalq artisti Ağaverdi Paşayev çıxışında bildirib ki, Arif Babayev öz bənzərsiz ifaçılığı, sənətkarlığı və müəllimlik fəaliyyəti ilə Azərbaycan muğam məktəbinin inkişafında mühüm rol oynayıb. Qeyd olunub ki, onun zəngin irsi və sənət yolu muğam ifaçıları üçün hər zaman örnək olaraq qalacaq.
Arif Babayevin tələbələri çıxışlarında ustad xanəndə ilə bağlı xatirələrini bölüşərək, onun sənət məktəbinin bu gün də yaşadıldığını vurğulayıblar.
Sonda mərhum sənətkarın ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.

İyulun 29-dan başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına...
01/08/2026

İyulun 29-dan başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir.
Görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyaşöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da səhnəyə çıxırlar. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü gününün axşam proqramında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadənin rəhbərlik etdiyi ansambl xanəndələri müşayiət edib.
Əməkdar artistlər, BMM-ın solistləri Bəyimxanım Vəliyeva və Təyyar Bayramov, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Sərxan Bünyadzadə, Kənan Novruzov, Nuray Hacızadə bir sıra bəstəkar mahnılarını, eləcə də muğamları böyük məharətlə ifa ediblər.
Muğam ifaçılarını tarda Əməkdar artistlər Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Kamran Kərimov və balabanda Rafael Əsgərov, tarda Rüstəm Müslümov, udda Şəfa Kərimov, bəm tarda İlkin Həsənov, bəm nağarada Hüsaməddin Əzizov və kamançada Ceyhun Muradov müşayiət ediblər.
Konsert proqramında “Dilkəş”, “Bayatı-Şiraz”, “Segah” və “Şur” təsnifləri səsləndirilib. Eyni zamanda, N.Feyzullayevin “Ay qız” əsəri, “Vətən” kompozisiyası və “Qarabağ şikəstəsi” tamaşaçılara təqdim olunub.
Qədim muğam ənənələrinin peşəkar ifaçılar tərəfindən təqdim edilməsi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Muğamsevərlər ifaçılara gül dəstələri hədiyyə edib, xatirə şəkli çəkdiriblər.

22 iyul – Milli Mətbuat Günüdür
22/07/2026

22 iyul – Milli Mətbuat Günüdür

Address

Baku

Telephone

+994124978972

Alerts

Be the first to know and let us send you an email when Beynelxalq Mugam Merkezi / International Mugham Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Beynelxalq Mugam Merkezi / International Mugham Centre:

Shortcuts

Share