01/07/2026
Damında yoxsa taya,
İnək də salmaz saya.
Şam işıq versə də əgər bir dama,
Alovu çoxdursa, ziyandır dama.
Ucaya qaldıran qəlb bayrağını,
Gərək düzgün ata öz ayağını
Çəyirtkə sürüsü görməsə zəmin,
Dənin çoxluğundan olarsan əmin.
Silahdır, imandır, dindir doğruluq,
Doğruluq olmasa, olarmı bolluq?
Var fələk oyunu “tale” adında,
Kim deyər ki, udmaq var bu oyunda?
Leylilər əyilsə yel gələn səmtə,
Onda Leylilərə edərlər şübhə.
Sahibi yoxdursa batmış gəminin,
Gəmidən ağırdır qəmi gəminin.
Ocağı paxılın yansa alovla,
Müqayisə edər özgə ocaqla.
Başından başlasan yalanla söhbət,
Sonu bataqlıqdır, batarsan əlbət.
Yoxdursa bir kəsə müqəddəs nəsə,
Heyrət etmə o şərə bəhrə versə.
Könül dəftərində qalmır ağ vərəq,
Ya həyat doldurur, ya da ki “o haqq”.
Dünya deyilən yerdə yoxdur gülüstan rəngi,
Meşələr yamyaşıldır, orda da var pələngi.
“Min ulduz yoxa çıxar, bir Günəş görünəndə,
İnsanlıq yox olacaqdır, analar söyüləndə”.
Kim əgər şad deyilsə bu dünya cəlalından,
O qurtula bilməyir dünyanın əzabından.
Kim ki düzə düz deyir, o hamıdan az yeyir,
Əyriyə düz deyənlər hamıdan lap çox yeyir.
Çaqqaldan çox yaltaqdır, yeyərlər hamıdan çox,
Gəl ki ruzisi içrə bir dənə xas tikə yox.
Hamı əgər götürsə özünə yetəcəyin,
Heç kim də düşünməzdi acından öləcəyin.
Xalidə Hicran Seyidova
HİKMƏT XƏZİNƏSİ- dən yarpaqlar…..