02/10/2021
Məhəbbət, sevgi, eşq... hansı söz bu hissi adlandırmaq üçün daha doğrudur? Yaxud bu hiss əslində nədir, var, yoxsa sadəcə bir uydurmadır. Haqqında saysız hesabsız, elmi, bədii əsərlər yazılan, musiqilər bəstələnən, filmlər çəkilən... məhəbbət haqqında psixoloqlar, alimlər, filosoflar kifayət qədər geniş danışıblar. Kimisi bu hissi sırf insan hormonlarının, xüsusən oksitosin hormonunun təsiri, kimisi hətta müvəqqəti xəstəlik kimi qələmə versə də, qəti və son nəticə hələ ki yoxdur. Bəlkə də insan bu sirrə heç vaqif olmamalıdır. Məhəbbət haqqında ən qədim və məşhur əfsanələrdən birində olduğu kimi, bəlkə də insan onun əsl üzünü gördükdə, həmişəlik itirə bilər...Qədim yunan mifologiyasında məşhur Amur və Psixeya əfasənəsi: Psixeya adlı gənc qız öz gözəlliyi ilə şöhrət tapmışdı. Psixeya, pərəstişkar ordusuna baxmayaraq, yalnız əsl sevgini gözləyirdi. Valideynləri isə onu ərə vermək istəyirdilər və buna görə orakula müraciət edirlər. Psixeyanın şöhrəti Olimpədək gedib çatmışdı və Afrodita sadə, ölümlü bir qızın belə gözəl və pərəstişkar ordusuna sahib olmasını qısqanclıqla qarşılayır. Oğlu Amuru orakulun yanına göndərir. Orakul Amurun tapşırığı ilə deyir ki, Psixeya heç vaxt üzünü görməyəcəyi canlı ilə evlənəcək. Psixeyanı görən Amur özü də ona valeh olur və həmin canlı adı ilə özü Psixeya ilə evlənir. Amma bir şərtlə, Psixeya heç vaxt onun üzünü görməyəcək. Buna üzülən Psixeya, zamanla üzünü görməsə də Amurun məhəbbəti ilə çox xoşbəxt olur. Amma bacıları onun bu xoşbəxtliyinə inanmırlar və deyirlər ki, mütləq ərinin üzünü görməlidir. Bir gecə Amur yatarkən, Psixeya bir əlində bıçaq, bir əlində yağ lampası Amurun üzünü açıb baxır və onun gözəlliyindən heyrətə gəlir. Bu zaman həyəcandan əlindəki lampadan bir damla yağ Amurun üzünə düşür və oyanan Amur dərhal, ona xəyanət etdiyini, bir daha onu heç vaxt görməyəcəyini deyərək, Psixeyanı tərk edir. Əfsanənin davamı da var... 😊