07/05/2026
Şəhriyar adına Mədəniyyət Mərkəzində “Şekspir” tamaşası nümayiş olunub.
Mayın 5-də Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının təqdimatında Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın nümayişi keçirilib. Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş gecədə dövlət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tamaşadan əvvəl çıxış edən Xalq artisti Mərahim Fərzəlibəyov yazıçının zəngin yaradıcılıq yolundan və Bakı Bələdiyyə Teatrı ilə uzunillik səmərəli əməkdaşlığından bəhs edib. Qeyd olunub ki, Elçinin “Şekspir” əsəri dünyanın bir çox ölkələrində uğurla səhnələşdirilib və Azərbaycan ədəbi irsinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov olan tamaşada ruhi-əsəb klinikasındakı pasiyentlərin hər birinin öz xəyali dünyasında yaşaması və cəmiyyətə olan gizli mesajları fərqli prizmadan təqdim edilib. Səhnə əsərinin quruluşçu rəssamı İlham Əsgərov, musiqi tərtibatçısı Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, dizayn tərtibatçısı isə Elnur Ehtiramoğludur.
Rolları İlqar Musayev (Baş həkim), Ülviyyə Rza (Həkim), Əməkdar artist Hüsniyyə Mürvətova (Sara Bernar), Rəşad Kəsəmənli (İosif Stalin), Zülfiyyə Qurbanova (Ər-arvad), Tural Əhməd (Drob 13), Toğrul Rza (Veneralı), Elçin Muradov, Rəşid Soltanov və Namiq Cavadov (Sanitarlar) məharətlə ifa ediblər. İnsan psixologiyasının dərinliklərinə nüfuz edən və geniş tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanan tamaşa böyük alqışlarla başa çatıb.