07/06/2026
İnformasiya müharibəsinə biz cəmiyyət olaraq hazır deyilik!!!
Gənc nəslə sadəcə "feyk xəbərə inanmayın" demək işə yaramır. Onlara erkən yaşda kritik təfəkkür və metodoloji süzgəclər öyrədilməlidir.
İnsanlar tarixən sümükdən ilk alət düzəldəndə, elə ilk işi o alətlə bir-birini öldürməyə cəhd etmək olub. Bu gün inkişafın p*k nöqtəsi sayılan süni intellekt, böyük verilənlər (Big Data) və qapıda gözləyən kvant kompüterləri də eyni təhlükəni fərqli və daha qorxunc bir formada qarşımıza çıxarıb.
İndi müharibələr təkcə sərhəddə getmir, birbaşa beynimizdə, smartfonlarımızın ekranında gedir. Təəssüf ki, cəmiyyət olaraq informasiya müharibəsində necə davranacağımızı hələ tam öyrənməmişik. Hər gün haradan gəldiyi bəlli olmayan, sadəcə xaos və çaxnaşma yaratmaq üçün ortaya atılan yüzlərlə feyk xəbər görürük. Əlbəttə, hər kəsin bir fikrinin olması normaldır, amma hər fikrin doğru olması deyə bir anlayış yoxdur! Bir məlumata emosiya ilə reaksiya verməzdən əvvəl mütləq araşdırmaq, rəsmi qaynaqlara baxmaq şərtdir.
Daha da təhlükəlisi odur ki, qlobal süni intellekt alətləri hər gün milyonlarla insanın rəyini, reaksiyasını bazalarda toplayır. Böyük güclər isə bu məlumatlardan istifadə edərək ictimai şüuru idarə etmək üçün xüsusi metodlar hazırlayırlar.
Biz bu savaşa hazır olmalıyıq. Və bu hazırlıq böyük yaşlarda yox, məhz məktəb dövründən, erkən yaşlardan başlamalıdır. Tədris prosesində gənclərimizə kiber gigiyenanı və informasiya süzgəclərini öyrətmək üçün xüsusi dərsliklərə və mobil tətbiqlərə ehtiyacımız var.
Biz gözləmədik, və gənc komandamızla artıq işə start vermisik. Bu savaşa rəqəmsal qalxan olacaq yeni dərslik və konseptimiz tezliklə hazır olacaq. Gələcəyimizi informasiya manipulyasiyalarına qurban verə bilmərik.
Şamo Salayev