19/08/2026
El bilir ki, sən mənimdin bir zamanlar Azərbaycan!
Yurdum, yuvam, məskənimdin bir zamanlar Azərbaycan!
İndi isə dadın-duzun yad kəslərin damağında...
Oğlun-qızın qıvrılaraq, acı çəkir ocağında.
Hər millətə yuva olan qucağında öz xalqının yeri yoxdur.
Parçalanmış torpağında ac gözlər var, bu səbəbdən birləşdirən biri yoxdur.
Biz hələ də söyləməyi bacarmırıq "yaxşıların" qan ağladan yamanını,
Biz hələ də gözləyirik nağılların gerçək olma zamanını.
Hal-hazırda danışılan nağıllarda axı niyə pərilər var, divlər yoxdur?
Axı niyə saraylar var, adi yeşik taxtasından düzəldilmiş, damı daman uçuq-sökük evlər yoxdur?
Axı niyə yığın-yığın puç ümidlər bəlkələrdən asılıbdır?
Axı niyə o bəlkələr gerçəyə yox, yalanlara qısılıbdır?
Qılınc olub ayağına dəyən də biz,
Arsız kimi "ayağa qalx" deyən də biz.
Səhnələrdə düşmənlərin qızlarının baldırına baxa-baxa, gözümüzü döyən də biz,
Özümüzü söyən də biz, öyən də biz.
Biz özümüz nəfsimizlə qaraladıq pak adını,
Qırıb-tökdük qanadını, zəhər etdik bal dadını.
Yayın qızmar istisində qürbət elə köç edəndə sevinirik,
Qarlı qışın şaxtasında geri dönüb, o közərən ürəyinin istisində isinərkən dərk edirik vətən nədir...
Bizdə vətən sevgisi var?
Bizdə vətən həsrəti var?
Gər olsaydı qoyarmıydıq taptaq altda əziləsən?
Qoyarmıydıq tikələrə bölünərək, zırpıların əlindəki zülm ipinə muncuq olub, düzüləsən,
Qoymazdıq ki?!
Azərbaycan, bağışla ki, sənə layiq olammadıq,
Məlhəm olub, o yaralı ürəyinə dolammadıq!
Çalışdım ki, bir təsəlli verim sənə, bacarmadım.
Yalan vədlər vermək necə çətin imiş.
Çalışdım ki, bu dünyaya yağan bütün yağışların buludların cəm eyləyim üzərinə, təki sənin odun sönə, bacarmadım.
Nə desəm, boş!!!
Bir zamanlar "Odlar yurdu" adlanırdın, indi isə buza dönmüş bir vətənsən Azərbaycan!
Üzgünəm ki, bu ağrıyan ürəyim yox, ürəyimdə olan sənsən Azərbaycan!
Xəyal Zeynal