09/06/2026
BELƏ ŞİRİN BİR GÖY GURULTUSU
A. Van Jordan
Stratford tarlalarında əks-səda verir minor akkordları. Biz cazı,
Haraya çağrılsaq oraya aparırıq. Yerlilər dikəlir ki, görsünlər cazı.
Ürəkləri elə yerləri eşidir ki, zehinləri oralarda dolaşır.
Ah, kaş o ulu bard qara dərili olaydı! O, özü çevrilib olardı caz.
Qarşı tərəfdəki donuzlar bir anlıq gölə buraxılmış qu quşları
Olsaydı əgər, düşünərdilər: "Budur dəniz – yəni caz!"
De mənə, əgər Kleopatra indicə bura daxil olsaydı,
O şahzadə yerişi, cəvahirlə bəzənmiş o barmaqları caz olardımı?
Britt Vudmanın "Hank Cinq"i və bütün o
Oktava sıçrayışları! Sürüşdür trombonunu, ey adam! Azad Caz!
İndi isə sil gözlərinin yuxusunu. Zaman gəlib çatdı:
Düşüncələrin danışmalıdır elə bir dildə ki, o dil caz olsun.
Kim dedi orkestr oturacaqlarına qaradərililər buraxılmır deyə?
Bu gecə eyvanı boş buraxın; qoy elə onun özü caz olsun.
Emmet Tillin cəsədi tapıldı Tallahatchie çayında üzərkən.
Emmet Tillin adı hələ də ucalır və inan mənə, elə bu da cazdır.
Topeka, Kanzasdakı məktəblər taybatay açdı qapılarını.
İnteqrasiya? Nə istəyirsən adlandır, amma lənət şeytana,
ey adam – bax bu, cazdır.
Tamoranın körpəsi qaradərili doğuldu, deyirsən?
Vay canına. Mən daha çox
Eşitdikcə Ərəb Aaron haqqında,
daha çox düşünürəm: bu da caz deyilmi bəs?
Yuxarıda bir not ~ Aşağıda bir not ~ Aradakı o not ~
Tonika ~ Qapalı ~ Yuxarı çevrilmiş ~ Oktava ~ Bax, caz budur.
Ah, kaş o ulu bard qara dərili olaydı!
Yerişi cəlallı, ayaq barmaqları cəvahirdən...
Düşüncələrin danışmalıdır. Aaron və daha çoxu.
Tillin adı hələ də ucalır! Bax, bu, cazdır.
Kvartalar dairəsi indi tamamlayır öz dövrəsini. Ey böyük bardlar,
Dük, Billi, uşaqlar rəqs edir! Yetər: İzn verin, elə bu da caz olsun.
---------------------------
Şeirin orijinalı, Dük Ellinqton və Billi Streyhornun 1956-cı ildə Şekspir Festivalı üçün bəstələdiyi eyniadlı "Such Sweet Thunder" caz albomuna və Şekspirin "Yay gecəsində yuxu" əsərindəki məşhur bir ifadəyə əsaslanır.